Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-də məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması məqsədilə bu ilin axrıncı rübündə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yeni yaşayış binalarının tikintisinə başlanacaq. Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Dövlət Komitəsinin sədri deyib ki, həmin köçkünlər üçün Masazırda 5 mərtəbəli 55 mənzilli 4 yaşayış binası tikiləcək.
BDU-nun 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsi üçün yaşayış binalarının inşası məqsədilə artıq Masazırda 12 hektar torpaq sahəsi ayrılıb.
Hazırda inşaat pasportunun hazırlanması və layihə ilə bağlı hazırlıq işləri görülür.
Həsənovun sözlərinə görə, Ağcabədidəki fin tipli qəsəbədə məskunlaşmış 2484 nəfərdən ibarət 552 ailə üçün yeni qəsəbənin tikintisi də başa çatmaq üzrədir.
Naftalan şəhərindəki sanatoriya binalarında məskunlaşmış 2358 nəfərdən ibarət 524 köçkün ailəsi üçün Goranboyda 9 beş mərtəbəli, Bakının Nərimanov rayonu ərazisində "Səttarxan adına maşınqayırma zavodu" TASC-yə məxsus tikintisi yarımçıq qalmış binada məskunlaşmış 80 məcburi köçkün ailəsinin köçürülməsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 80 mənzilli 5 mərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb. İl ərzində həmin binaların inşasının başa çatdırılması planlaşdırılır.
Həsənov deyib ki, iyundan Mingəçevirdəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 2006 nəfərdən ibarət 502 ailənin məskunlaşdırılması məqsədilə 10 doqquz mərtəbəli yaşayış binasının, həmçinin 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina və klub-icma mərkəzinin tikintisinə başlanacaq.
Komitə sədri əlavə edib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda məskunlaşmış və köçürülməyə ehtiyacı olan 1410 məcburi köçkün ailəsi üçün yeni məhəllənin inşası məqsədilə Qaradağ rayonunda 22 hektar torpaq sahəsi ayrılıb.