Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/
Bakının "Əzizbəyov" metrostansiyasının yaxınlığında iyunun 6-da 65 minlik stadionun tikintisinin təməlqoyma mərasimi olacaq. Bunu cümə axşamı Trend-ə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, stadionun təməlqoyma mərasimi Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq. Mərasimdə UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter də iştirak edəcəklər.
"İyunun 6-da həmçinin Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzinin açılışı olacaq", - baş katib bildirib. Onun sözlərinə görə, mərkəzlə yanaşı, həmin ərazidə 6 min tamaşaçı tutumlu stadionun rəsmi açılışı olacaq.
Yubiley tədbirləri "Buta Palace"da təşkil olunacaq təntənəli mərasimlə yekunlaşacaq.
Məmmədov qeyd edib ki, mərasimdə FİFA və UEFA rəhbərliyindən başqa, 35 federasiyadan qonaqlar iştirak edəcək, UEFA-ya daxil olan bəzi federasiyaların prezidentləri gələcək.
"Tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq", - AFFA-nın baş katibi deyib.