...

Azərbaycanda çimərlik mövsümünün açılışı ilə bağlı xilasetmə məntəqələrinə baxış keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2011 20:23 (UTC +04:00)
Trend-in məlumatına görə, Azərbaycan FHN DSXX rəisi Elsevər Həsənov tədbirdə bildirib ki, Xidmət su hövzələrində vətəndaşların təhlükəsizliyinin qarantıdır.
Azərbaycanda çimərlik mövsümünün açılışı ilə bağlı xilasetmə məntəqələrinə baxış keçirilib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 18:21-də yayılıb)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 2011-ci ildə çimərlik mövsümünün açılışı ilə bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) avadanlıqlarına baxış keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan FHN DSXX rəisi Elsevər Həsənov tədbirdə bildirib ki, Xidmət su hövzələrində vətəndaşların təhlükəsizliyinin qarantıdır.

"Son illər DSXX üçün texnikanın alınması, məntəqələrin tikilməsi və əməkdaşlara təlimlər keçirilməsi nəticəsində bu iş dünya standartları səviyyəsinə çatdırılıb", - Həsənov bildirib.

Onun sözlərinə görə, FHN yaradıldıqdan sonra su hövzələrində 2306 vətəndaşın həyatı xilas edilib. Həsənov qeyd edib ki, Xidmət ilin bütün aylarında fəaliyyət göstərir - yay aylarında çimərlikdə istirahət edənlərin təhlükəsizliyinə nəzarət edir, qış aylarında isə balıqçılar təhlükəli vəziyyətə düşdükdə yardım göstərir. "Bununla yanaşı nazirliyin bu Xidməti vətəndaşlar üçün suda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir", - o qeyd edib.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə tədbirdə çıxış edərək bildirib ki, çimərlik mövsümünün açılışı ilə bağlı DSXX işçilərinin məsuliyyəti daha da artır. Onun sözlərinə görə, hazırda Azərbaycan ərazisində 42 xilasetmə məntəqəsi fəaliyyət göstərir, bundan əlavə, xilasedici postlar da mövcuddur. "Yalnız ötənilki çimərlik mövsümündə 600 nəfərdən çox şəxsin həyatı xilasedicilər tərəfdən xilas edilib", - o bildirib.

Rəsmi hissədən sonra FHN DSXX Nardaran-1 xilasetmə məntəqəsinin texnika və avadanlıqlarına baxış keçirilib. Sonra FHN nümayəndələri xilasedicilərin təlimlərini izləyiblər.

Xəbər lenti

Xəbər lenti