...

Niderlandda "Azərbaycan mədəniyyəti həftəsi" keçirilib

Cəmiyyət Materials 16 İyun 2011 10:50 (UTC +04:00)
Həmyerlimiz İradə Uluxanlının sədrlik etdiyi "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğruna Birlik" təşkilatının təşəbbüsü ilə iyunun 6-dan 10-dək Maastrixt şəhərinin mərkəzi "Wijck" məktəbində "Azərbaycan mədəniyyəti həftəsi" keçirilib.
Niderlandda "Azərbaycan mədəniyyəti həftəsi" keçirilib

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Həmyerlimiz İradə Uluxanlının sədrlik etdiyi "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğruna Birlik" təşkilatının təşəbbüsü ilə iyunun 6-dan 10-dək Maastrixt şəhərinin mərkəzi "Wijck" məktəbində "Azərbaycan mədəniyyəti həftəsi" keçirilib.

"Azərbaycan" mövzusu şagirdlərin həftəlik tədris proqramına salınıb. Şagirdlər Azərbaycanın tarixi, ədəbiyyatı, musiqisi, milli geyimləri, mətbəxi və s. ilə yaxından tanış olub, nümunələr əsasında əl işləri hazırlayıb və tədbir zamanı qonaqlara nümayiş etdiriblər. Məktəbin yuxarı sinif şagirdləri əsasən tarix, coğrafiya, ədəbiyyat, milli mətbəx fənləri üzrə, aşağı siniflər isə milli geyimlər və musiqi üzrə dərs alıblar. Onlar Azərbaycan tarixi, Qarabağ problemi ilə tanış olub və müxtəlif əl işləri düzəldiblər. Ədəbiyyat dərsi bölümündə isə şagirdlər zəngin ədəbi irsimizlə yaxından tanış olublar. Ölməz şairimiz Səməd Vurğunun "Azərbaycan" şeiri Holland dilinə tərcümə olunub və tədbir zamani səsləndirilib. 4-5 yaşlı şagirdlərin "Cücələrim" rəqsini ifa etməsi isə tədbirdə iştirak edənlərin marağına səbəb olub. Milli mətbəximizdən nümunələr - paxlava, tirli mütəkkə və digər şirniyyatlar və masalara xüsusi bəzək verən plov, dolma şagirdlər tərəfindən hazırlanıb. Hollandlar bu ləziz yeməkləri daddıqdan sonra Azərbaycan mətbəxinin dünyanın ən zəngin mətbəx olduğunu qeyd ediblər. Holland məktəblilər Aşana və Tristan "Mirzəyi" rəqsini ifa ediblər. Şagirdlər tərəfindən "Yallı" rəqsi də
ifa edilib. Sonra holland triosu "Caricia" qrupu qonaqlar üçün "Bakı sabahın xeyir" və "Sarı gəlin" mahnılarını təqdim ediblər. Tədbiri qələmə alan holland jurnalist "Bakı sabahın xeyir" mahnısının ifasını məqaləsində "Bakının gözəlliyini artıq bir neçə notla bizə çatdırdılar" kimi təsvir edib.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan - Holland dostluq təşkilatının nümayəndələri, jurnalistlər və digər rəsmi qonaqlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti