Azərbaycan, Bakı, 21 iyun /Trend/
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-də Mərakeş Krallığına rəsmi səfərə yola düşəcək. Bu barədə çərşənbə axşamı Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Səfər Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir.
İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi və xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən səfər zamanı Paşazadənin ölkə rəhbərliyi, Parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığının vəqflər və islam işləri naziri və digərləri ilə görüşləri nəzərdə tutulur.
Səfər iyunun 24-dək davam edəcək.