...

Sabiq Müsavat funksioneri yeni təşkilatın sədri seçilib

Cəmiyyət Materials 11 İyul 2011 14:15 (UTC +04:00)
Azərbaycanda müxtəlif ictimai təşkilatların birgə yaratdıqları Avro-Atlantik Şuranın təşkilat komitəsi yaradılıb.
Sabiq Müsavat funksioneri yeni təşkilatın sədri seçilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxtəlif ictimai təşkilatların birgə yaratdıqları Avro-Atlantik Şuranın təşkilat komitəsi yaradılıb. Trend-in məlumatına görə, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının sədri, Müsavat Partiyası Məclisinin sabiq sədri Sülhəddin Əkbər təşkilat komitəsinin sədri seçilib.

Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının sədri Yaşar Cəfərli təşkilat komitəsinin sədr müavini, Doktrina JHAM-ın nümayəndəsi Cəsur Sümərənli isə təşkilat komitəsinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi seçilib.

Tədbirdə qeyd olunub ki, Avro-Atlantik Şuranın yaradılmasında başlıca məqsəd Azərbaycanın demokratikləşməsini və Avro-Atlantik məkana inteqrasiya etməsini istəyən təşkilatların fəaliyyətini koordinasiya etməkdir.

"Azərbaycanın demokratikləşməsi və Avro-Atlantik məkana inteqrasiya proseslərinə ictimai dəstəyin təşkili məqsədilə bir qrup qeyri-hökumət təşkilatları, tanınmış politoloqlar, hərbi ekspertlər, sabiq siyasi partiya funksionerləri, jurnalistlər və digər ictimaiyyət nümayəndələri "Avro-Atlantik Şura" təsis etməyə qərar verdilər. Biz ölkədaxili və xarici prosesləri təhlil edərək qərara aldıq ki, Azərbaycanın Avro-Atlantik inteqrasiyasını dəstəkləyən qüvvələr bir araya gəlsin və mövcud proseslərə ictimai dəstəyin formalaşdırılmasına dəstək verilsin", - Sülhəddin Əkbər bildirib.

Onun sözlərinə görə, bölgələrdə də şuranın nümayəndəliklərinin yaradılması qarşıya məqsəd qoyulub.

Əkbər onu da bildirib ki, şurada 27 təşkilat birləşəcək.

Xəbər lenti

Xəbər lenti