...

2 aprel məhbuslarının işinə baxacaq hakim məlum olub

Cəmiyyət Materials 18 İyul 2011 11:13 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar 4 nəfər barəsində cinayət işinə baxacaq hakim məlum olub.
2 aprel məhbuslarının işinə baxacaq hakim məlum olub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar 4 nəfər barəsində cinayət işinə baxacaq hakim məlum olub.

Nəsimi rayon məhkəməsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, cinayət işi hakim Şahin Abdullayevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı hələlik müəyyən edilməyib.

İş üzrə təqsirləndirilənlər Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin barələrindəki cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Quliyev və Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri, Məcidli və Hacıbəyli isə yalnız 233-cü maddə ilə ittiham olunurlar.

Aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi Səbail rayon məhkəməsinin icraatındadır.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işi üzrə məhkəmə baxışı iyulun 19-da başlayacaq.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti