...

Azərbaycanda məktəbli geyimlərinin satışı istirahət günlərində də təşkil olunacaq

Cəmiyyət Materials 26 Avqust 2011 14:57 (UTC +04:00)
Azərbaycan paytaxtında orta məktəb şagirdləri üçün vahid məktəbli geyimləri istehsal edən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış mərkəzləri istirahət günlərində də fəaliyyət göstərəcək.
Azərbaycanda məktəbli geyimlərinin satışı istirahət günlərində də təşkil olunacaq

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında orta məktəb şagirdləri üçün vahid məktəbli geyimləri istehsal edən "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış mərkəzləri istirahət günlərində də fəaliyyət göstərəcək. Bunu Trend-ə "Bakı Tikiş Evi" ASC-nin İdarə Heyətinin sədr müavini Eldar Haqverdiyev deyib.

Onun sözlərinə görə, avqustun 28-də yalnız "Bakı Tikiş Evi"nin istehsal binasındakı - Mərdanov qardaşları, 113-də yerləşən satış mərkəzi işləməyəcək. "Bakı Tikiş Evi"nin qalan 12 mağazası həmin gün fəaliyyət göstərəcək. Avqustun 29, 30, 31-də isə ASC-nin 13 satış mərkəzinin hamısı 9:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Haqverdiyev məktəbli geyimlərinin satışı ilə yalnız bir məsələdə problem olduğunu qeyd edib.

"Problem yalnız ondadır ki, məktəbli geyimlərinin satışına mayın əvvəlindən başlanılmasına baxmayaraq, valideynlər onları indi almağa başlayırlar. Buna görə də satış mərkəzlərində məktəbli geyimlərinin hər hansı ölçüsü olmaya bilər. Amma bu ölçülər hər axşam mağazalar tərəfindən bizə sifariş edilir. Geyimlər qısa müddətdə tikilərək mağazalara çatdırılır", - sədr müavini qeyd edib.

Haqverdiyev əlavə edib ki, şəhid ailələrinin uşaqlarına geyimlər pulsuz verilir. Amma bunun üçün ASC-yə mütləq şəhid ailəsi olduğunu təsdiqləyən sənəd təqdim edilməlidir.

Aztəminatlı ailələr maddi vəziyyətlərinin aşağı olduğunu, müharibə veteranı ailələri isə bu kateqoriyaya aid olduqlarını təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə onlara geyimlərin satışı zamanı 10 faiz güzəşt edilir.

Bir müddət əvvəl Bakı Tikiş Evi məktəbli geyimlərinin satış qiymətlərini açıqlayıb. I-VI siniflər üçün 26-38 ölçü məktəbli dəstinin qiyməti 40 manatdır. Dəstə köynək, jilet, pencək, qızlar üçün yubka, oğlanlar üçün isə şalvar daxildir.

Ayrı-ayrılıqda götürəndə 26-38 ölçü kostyumun qiyməti 30 manat, jilet 5 manat, köynək 5 manatdır. 40-44 ölçü dəstin qiyməti 45 manat, yuxarı siniflər üçün 38-48 ölçü dəstin qiyməti 53 manat, 50-54 ölçü dəstlər isə 55 manatdır.

Xəbər lenti

Xəbər lenti