...

Azərbaycan avarçəkənləri London olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayır

Cəmiyyət Materials 26 Avqust 2011 19:34 (UTC +04:00)
Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək.
Azərbaycan avarçəkənləri London olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayır

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. 70-dən çox ölkənin qatılacağı nüfuzlu yarışda 22 dəst medal sahibini tapacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan milli komandası böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edəcək. Ölkəmiz 3 əsas və 1 ehtiyat avarçəkənlə təmsil olunacaq. Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X), Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (BW1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Hər iki tip qayıq olimpiya təyinatlıdır. Yəni Aleksandrov ilk "11-liy"ə, Mustafayeva ilk "9-luğ"a düşəcəyi halda, London olimpiadasına lisenziya qazanacaq. Kişi avarçəkənimizin 35, qadın avarçəkənimizin isə 19 rəqibi olacaq.

Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili (LM1X) qayıqla yarışacaq. O, 17 idmançıya qarşı yarışacaq.

Ehtiyat avarçəkən qismində Sloveniyaya İskra Angelova aparılıb. 1 nəfərlik qayıqla çıxış edəcək Angelova avqustun 29-dan ehtiyat idmançılar üçün startı veriləcək yürüşlərə qatılacaq. O, Mustafayevanın əvəzləyicisi sayılır.

Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.

Ötən həftə Macarıstanın Seqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı keçirilib. Kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Xəbər lenti

Xəbər lenti