...

Əcnəbi vətəndaşların Azərbaycanda doktorantura təhsili ala bilməsi şərtləri açıqlanıb

Cəmiyyət Materials 27 Avqust 2011 15:02 (UTC +04:00)
Azərbaycanda əcnəbi vətəndaşlar doktorantura təhsilini yalnız ödənişli əsaslarla ala bilərlər. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov deyib.
Əcnəbi vətəndaşların Azərbaycanda doktorantura təhsili ala bilməsi şərtləri açıqlanıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əcnəbi vətəndaşlar doktorantura təhsilini yalnız ödənişli əsaslarla ala bilərlər. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov deyib.

Onun sözlərinə görə, bu, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda öz əksini tapıb.

"Doktoranturada oxumaq istəyən əcnəbi vətəndaşlar sentyabrın 1-dən sənədlərini təqdim edə bilərlər. Onlar Azərbaycan vətəndaşları kimi imtahan verəcəklər, amma pullu təhsil alacaqlar", - vitse-prezident qeyd edib.

O bildirib ki, xarici vətəndaşlar üçün doktoranturada illik təhsil haqqı 2500 manat müəyyənləşdirilib. İstisna hallarda xarici vətəndaşlar təhsil haqqından azad edilə bilərlər. Amma bu məsələni təhsil müəssisələri öz səlahiyyətləri daxilində "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun həll edə bilərlər.

Həşimov qeyd edib ki, doktorantura təhsili almaq istəyən əcnəbilər əlavə olaraq, Azərbaycan dilindən imtahan verməlidirlər. Doktoranturaya qəbul imtahanlarının, eləcə də xarici vətəndaşlar üçün Azərbaycan dili imtahanının oktyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir. Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu sentyabrın 1-dən başlayacaq.

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə sənəd qəbulu sentyabrın 30-dək, elmlər doktoru proqramı üzrə ilin sonunadək aparılacaq.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti