...

Elmira Süleymanova: Etnik azlıqların problemlərini həll etmək üçün dialoq vacibdir

Cəmiyyət Materials 28 Avqust 2011 14:38 (UTC +04:00)
Etnik azlıqların problemlərini həll etmək üçün dialoq vacibdir.
Elmira Süleymanova: Etnik azlıqların problemlərini həll etmək üçün dialoq vacibdir

Gürcüstan, Batumi, 28 avqust /Trend, müxbir T.Hacıyev/

Etnik azlıqların problemlərini həll etmək üçün dialoq vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar günü Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində" adlı konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, insan hüquqları çoxmillətli ölkələrdə böyük problemlərdən biridir.

"Azərbaycan da çoxmillətli ölkə olduğuna görə, etnik azlıqlarla dialoqun aparılmasına önəm verilir. Son illər bu istiqamətdə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bir çox işlər görülüb", - ombudsman deyib.

Süleymanova bildirib ki, Azərbaycan son illərdə 230 konvensiyaya qoşulub ki, bunların da çox hissəsi insan hüquqları ilə bağlı konvensiyalardır.

"Bunlardan ən önəmlisi azsaylı xalqların mədəniyyətinin və dininin qorunması haqqında konvensiyadır", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda dini hüquqlar da qorunur və Azərbaycan qanunlarına əsasən, heç bir dinə qadağa qoyulmayıb.

Konfrans bu gün işinə başlayıb və iki gün davam edəcək.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti