Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Cənubi Qafqaz regionunda gedən sürətli inkişaf və sənayeləşmə son illərdə bir çox ekoloji məsələləri ön plana çıxarıb. Trend-in məlumatına görə, bu barədə IDEA (International Dialogue on Environmental Action) Ətraf Mühit Kampaniyasının press-relizində deyilir.
Məlumatda qeyd edilir ki, təbii neft və qaz ehtiyatları ilə zəngin regionda yerləşən ölkə kimi Azərbaycan da öz növbəsində ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin səylərini mərkəzləşdirməyə və doğru istiqamətə yönəltməyə cəhd göstərib.
"Bu məqsədlə, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Gənc ölkə olmasına baxmayaraq, Azərbaycan ətraf mühitin qorunmasını özündə ehtiva edən sənaye və biznes növlərinə daha çox üstünlük verilməsini, gənc nəslin maarifləndirilməsi və ətraf mühitin qorunmasında ön sıralarda yer almasını təmin edir. Günümüzün ətraf mühit problemlərinin həllinin təxirəsalınmazılığını anlayan yeni gənc nəsil ətraf mühitin qorunması üçün ortaq məqsədlə yaşamalıdır", - press-relizdə deyilir.
IDEA Ətraf Mühit Kampaniyası "Ekoloji idarəçilikdə gənclərin rolu: bugün və sabah" adlı gənc ekoloqların beynəlxalq düşərgəsini keçirəcək. Düşərgə noyabrın 24-27-də Qəbələdə təşkil ediləcək.
IDEA Ətraf Mühit Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.
Düşərgənin keçirilməsinin əsas məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında regional əməkdaşlıqlar və şəbəkələşmə vasitəsilə işgüzar əlaqələrinin qurulmasına töhvə verməkdir. Bundan əlavə, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, o cümlədən gənc ekoloqların öz icmalarında rolunu gücləndirmək və onları ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün səfir olmağa təşviq etmək düşərgənin əsas vəzifələrindəndir.
Üç gün davam edəcək gənclər düşərgəsi üç müxtəlif mövzuda keçiriləcək seminarlar və təlim kursları ilə davam edəcək. Düşərgənin işçi dili ingilis və rus dilləridir.
Tədbirin açılış mərasimində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri iştirak edəcəklər. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq gənc ekoloqun iştirakı nəzərdə tutulub.
Düşərgənin əsas panel mövzuları bunlardır: Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu; ətraf mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri; yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi.