Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Tibbi Sosial-Ekspert Komissiyanın sədri rüşvət alarkən cinayət başında yaxalanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş Prokurorluğunun cümə günü yaydığı məlumatda bildirilir.
Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb edib, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vahid Gülmalıyev Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci maddəsi ilə cinayət işi başlanıb, Vahid Gülmalıyevə həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.