...

İsraildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2011 13:25 (UTC +04:00)
İsraildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
İsraildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

İsraildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

İsrailin şimal paytaxtı Xayfada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə möhtəşəm tədbir keçirilib. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.

Əslən Azərbaycandan olan və hazırda İsraildə yaşayan 600-dək insanın iştirak etdiyi tədbirin keçirildiyi "Auditorium" Konqresinin foyesində Frida Yusupova tərəfindən azərbaycanlıların və dağ yəhudilərinin məişəti və xalq sənətinə həsr olunmuş geniş etnoqrafik sərgi təşkil olunub. Yerə sərilmiş xalçalar, unikal ənənəvi geyim, ayaqqabı, qab-qacaq nümunələri tamaşaçılarda səxavətli Azərbaycan torpağı haqqında xatirələrin canlanmasına səbəb olub. Azərbaycan mənşəli rəssamların divarlardan asılmış Abşeron, Quba, Qusar və respublikanın digər rayonlarından mənzərə rəsmləri qonaqların keçirdikləri nostalji hisslərini bir qədər də artırırdı.

Tədbirdə çıxış edən Knessetin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov bütün Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib.

"Azərbaycan xalqı müstəqillik illərinə qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir", - İlatov qeyd edib.

İsrailli deputat Azərbaycanda həmişə olmuş və indi də mövcud olan əsl milli və dini tolerantlıqla qürur duyduğunu bəyan edib. "Azərbaycan və İsrail - bir-birini anlayan və qiymətini bilən strateji tərəfdaşlardır, iki ölkə arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız və əməkdaşlığımızın güzgüsüdür", - İlatov vurğulayıb.

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasının tarixi barədə məlumat verib. O Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində diasporun xüsusi rol oynadığını qeyd edib.

"Azİz"in fəaliyyət göstərdiyi 4 il ərzində biz Azərbaycanın İsrail dövlətində təbliğ olunmasında mühüm rol oynamışıq. Bu işdə Knessetin 17-cı çağırışının deputatı, bir qədər əvvəl İsrailin Belarusdakı səfiri vəzifəsinə təyin olunmuş İosif Şaqalın xüsusi xidmətləri olmuşdur", - Salman bildirib.

Onun sözlərinə görə, 20 illik müddət tarixi nöqteyi-nəzərdən elə də böyük dövr olmasa da bu qısa müddət ərzində Azərbaycan mühüm nailiyyətlər əldə edib və sürətlə inkişaf edən ölkəyə çevrilərək Cənubi Qafqazın əsl lideri olub.

Tədbirdə iştirak etmək üçün İsrailə gəlmiş Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Əşrəf Hüseynovun qısa, amma mənalı nitqi tədbir iştirakçılarının yaddaşlarında xüsusi iz buraxmışdır.

Lakin "Auditorium" zalında keçirilən görüşdə ən çox alqışlanan "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının əsasını qoyan, Knessetin 17-ci çağırışının deputatı, əvvəllər məşhur Azərbaycan, daha sonra isə İsrail yazıçısı və jurnalisti İosif Şaqal olub. Formal olaraq İosif Şaqal "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin sədri olmaqda davam etsə də, tədbirə toplaşanların hamısı anlayırdı ki, İsrail dövlətinin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri təyin olunduğuna görə onun Assosiasiyaya rəhbərliyindən gedəcəyi labüddür. Buna görə də İosif Şaqalın Bakı və Azərbaycana məhəbbətinə, Azərbaycan torpağına qırılmaz tellərlə bağlı olması barədə fikirləri "Azİz"-in bir çox fəalları tərəfindən vida kimi qiymətləndirilib. Yeganə Salman həmçinin qeyd edib ki, İosif Şaqalın "Azİz"-ə rəhbərlik etdiyi 4 il ərzində Azərbaycan-İsrail münasibətləırində on illiklər ərzində qət ediləcək qədər yol keçilmişdir və bunda, sözsüz ki, İosif Şaqalın xidməti vardır.

Tədbirdə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvləri Yuriy Boçarov, Rauf Ağalarov və Heydər Əliyev Fonduna, Rusiya Azərbaycanlı Gənclər Təşkilatına, "Baku" jurnalına tədbir iştirakçılarının hamısına tematik materiallar təqdim etdiklərinə görə təşəkkürünü bildirən Assosiasiyanın Baş direktoru Lev Spivak çıxış edib. Spivak, həmçinin Azərbaycanın Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş İsrail estrada ifaçılarının Azərbaycan dilində ifa etdikləri mahnılardan ibarət hədiyyə-diskinin hazırlanmasında göstərdikləri köməyə görə "Şelomi" Mədəniyyət Mərkəzinə və "Mirvori" Nəşriyyat Evinə də təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə İsrailin Azərbaycan mənşəli incəsənət xadimləri Tomer Əliyev, Liora Safonova, Tami Davidova, Manuel İsakov, Beni Avşalumov, İfraim Yuxayev çıxış ediblər. Tədbirdə konsertin təşkilatçısı, "Azİz"-in mədəni proqramlar üzrə rəhbəri Şaul SimanTov tərəfindən böyük qayğı ilə seçilmiş Azərbaycan musiqisinin gözəl nümunələri səslənib və iştirakçıları heyran edib. Azərbaycan musiqisi tədbir iştirakçılarının Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı Azərbaycan musiqisi, mədəniyyəti və ənənələrinin nə dərəcədə zəngin olduğuna əminliyini artırıb.

Tədbirdə Azərbaycanın xalq artisti Flora Kərimovanın ifasını iştirakçılar xüsusi rəğbətlə qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti