Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Cenevrə şəhərində İsveçrədə təhsil alan azərbaycanlı tələbələrin yaradılacaq konqresi ilə əlaqədar tələbə-fəalların ilk toplantısı keçirilmişdir. Toplantıda İşveçrənin müxtəlif şəhərlərinin ali təhsil ocaqlarında təhsil alan çoxlu sayda Azərbaycanlı tələbə iştirak etmişdir. Bu barədə Trend-ə səfirlikdən bildirilib.
Azərbaycanda gənclər siyasəti, azərbaycanlı tələbələrin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları, bu sahəyə ölkə rəhbərliyi tərəfindən yetirilən davamlı diqqət və göstərilən qayğı, xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəmizin təbliğatı işinə dəstəklərinin verilməsinin vacibliyi səfirlik tərəfindən qeyd edilmiş, konqres və onun məqsədləri barədə məlumat verilmiş və tələblər yaradılacaq konqresin işində fəal olmağa dəvət edilmişlər. Eyni zamanda qeyd edilmişdir ki, yaradılacaq konqresin məqsədi, konqresin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, İsveçrədə təhsil alan gənclərin həyat şəraiti, təhsil prosesi, onların asudə vaxtlarının səmərəli keçirilməsi, problemləri və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ətrafında fikir mübadiləsinin aparılmasından, azərbaycanlı tələbələr arasında bağlantıların təşviq edilməsindən və tələbələrə lazım olan bütün dəstəyin göstərilməsindən ibarətdir.
Tələbələrin adından edilmiş çıxış zamanı yaradılacaq konqresin sırf tələbələrə xidmət edəcəyi, konqresin yaradılması ideyasının tələbələr tərəfindən tam dəstəkləndiyi və tələbələrin konqresin işində fəal iştirak edəcəkləri bildirilmişdir.
Daha sonra, tələbələr Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünü qeyd etmişlər və bu xüsusda tələbələr tərəfindən Azərbaycan ilə bağlı çıxışlar edilmişdir. Tədbir nahar, milli musiqi və rəqslərlə davam etmişdir.