...

Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb

Cəmiyyət Materials 25 Oktyabr 2011 11:27 (UTC +04:00)
Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub. Bundan sonra forum Heydər Əliyev Sarayında öz işini davam etdirib
Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir T.Hacıyev/

Azərbaycan Gənclərinin VI Forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub. Bundan sonra forum Heydər Əliyev Sarayında öz işini davam etdirib.

2000-ə yaxın gəncin qatıldığı forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edirlər.

Forumda gənclər və idman naziri Azad Rəhimovla yanaşı, digər dövlət rəsmiləri və ictimai xadimlərin çıxışı da nəzərdə tutulub.

Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.

Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib.

Tədbiri giriş sözü ilə açan forumun Təşkilat Komitəsinin sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, forum keçirilməzdən əvvəl bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilib. Konfranslarda 5-ci forumdan keçən dövr ərzində görülmüş işlərə nəzər yetirilib, qarşıda duran məsələlər müzakirə olunub və foruma nümayəndələr seçilib. Onun sözlərinə görə, konfranslarda foruma 1601 nümayəndə seçilib və forumda hazırda 1564 nümayəndə iştirak edir.

Babayev qeyd edib ki, forumda müxtəlif sahələrdə çalışan, yaradıcı və hərbi xidmətdə olan gənclər iştirak edirlər.

Daha sonra Prezident İlham Əliyevin gənclərə müraciəti oxunub.

Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarına müraciətini Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov oxuyub.

Müraciət oxunduqdan sonra 5-ci forumdan keçən dövr ərzində həyata keçirilən işləri əks etdirən hesabat xarakterli film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti