Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
Bütün azərbaycanlıları Qurban bayramı və ölkənin müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar təbrik edirəm. Bunu Trend-ə müsahibəsində cümə axşamı Türk Akademiyasının (Astana) professoru Maqripa Yeskeyeva deyib.
"Mən universiteti bitirdikdən sonra 25 ildən artıqdır ki, türk xalqlarının tarixi, qədim türk və qıpçaq dillərinin vərəsəliyi ilə məşğul oluram. Bura dillərin tarixi-fonoloji sistemi, müqayisəli tarixi leksikologiya və s. daxildir. Mənim elmi rəhbərim dünya şöhrətli türkoloq və Azərbaycanın elmi mühitində yaxşı tanınan akademik Əbdül Xaliq Heydərdir. Mən uzun müddət universitetdə çalışmışam, hazırda isə Astanada Türk Akademiyasında işləyirəm", - Yeskeyeva bildirib.
Türk Akademiyası
Türk xalqlarının dillərinin, tarixinin və mədəniyyətinin öyrənilməsi və araşdırması ilə məşğul ola biləcək Türk Akademiyasının yaradılması təşəbbüsü Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə məxsusdur. Yeskeyevin sözlərinə görə, bu fikir ilk dəfə onun tərəfindən 2009-cu ilin oktyabrında Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türkdilli Dövlətlərin IX sammitində söylənilib.
Xanım Yeskeyava deyib ki, 2010-cu ilin mayında bu təşəbbüs ilk dəfə olaraq real cizgilərini alıb. "Türk mədəniyyəti" Beynəlxalq Avrasiya Konqresində Qazaxıstan lideri vahid elmi mərkəzin - Beynəlxalq Türk Akademiyasının açılışını elan edib. O deyib ki, Konqresin işində Türkiyə Prezidenti Abdullah Gül, eləcə də türkdilli dövlətlərin, ABŞ və Rusiyanın tanınmış alimləri iştirak ediblər.
Professorun sözlərinə görə, Türk Akademiyasının əsas araşdırma obyektləri türkdilli dövlətlərin qədimdən müasir günə qədər tarixi, dili, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti, dini, pedaqoqikası və psixologiyasıdır. Həmçinin, Akademiyanın məqsədi tarixi dəyişiklikləri və hadisələri xarakterizə etmək , tarixdə şəxsiyyət və insan faktorunun rolunu müəyyənləşdirmək, türkdilli dövlətlərin ümumi dəyərlərini ortaya çıxarmaqdır.
"Mövcud problemlərin elmi şəkildə öyrənilməsi türkdilli xalqların orijinallığının qorunmasına kömək edəcək və dünya mədəniyyətinə sanballı töhfə verəcək. Türkologiya sahəsində fundamental araşdırmaların aparılması və vahid məlumat, o cümlədən elektron bazasının yaradılması əsas vəzifədir. Həmçinin o da vacibdir ki, Akademiya sayəsində türkologiya sahəsində gələcək araşdırmaların problemləri üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və türkdilli dövlətlərin xadimlərinə dəstək verilməsi mümkündür. Demək olar ki, Akademiyanın əsas məqsədi türkdilli araşdırmaların, təhsilin, mədəniyyətin və elmin ineqrasiyasıdır", - o bildirib.
Türkdilli xalqların inteqrasiyası
"Bizim eyni etnik köklərimiz var, lakin biz müxtəlif dillərdə danışırıq. Hazırda zaman türkdilli xalqların inteqrasiyasını tələb edir. Burada əsas problem ümumi ədəbi dil və ümumtürk əlifbasıdır. Əgər türk xalqları bu problemi həll etsələr, bu, türk cəmiyyətləri arasında anlayışı yüngülləşdirəcək və böyük nailiyyət olacaq", - Yeskeyeva deyib.