...

Azərbaycanda ali məktəblərin distant təhsilə keçə bilməməsinin səbəbləri açıqlanıb

Cəmiyyət Materials 23 Noyabr 2011 12:29 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki ali məktəblərin distant (məsafədən) təhsil tətbiq edə bilməməsinin səbəblərini açıqlayıb.
Azərbaycanda ali məktəblərin distant təhsilə keçə bilməməsinin səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki ali məktəblərin distant (məsafədən) təhsil tətbiq edə bilməməsinin səbəblərini açıqlayıb.

Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant təhsildir. Amma təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir.

Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı təmin edilməli, distant təhsil almaq üçün hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır.

Mustafayev deyib ki, təhsil alanın evdə hər hansı alimin, müəllimin mühazirəsinə qulaq asa bilməsi üçün də ali məktəbin bazası olmalıdır.

"Bunlar hamısı gələcəyin işidir. Ali məktəblər gələcəkdə distant təhsilə keçəcəklər. Məktəblərimiz bu istiqamətdə ciddi addımlar atırlar", - şöbə müdiri əlavə edib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti distant təhsilə keçmək üçün işlər aparırlar.

Mustafayev hesab edir ki, distant təhsilə keçdikdən sonra təhsil alanlar bu təhsil formasına maraq göstərəcəklər.

"Qiyabi təhsil alan tələbələr məcburdular ki, ildə 1-2 dəfə daimi yaşadığı yerdən məktəbə gəlsin, mühazirəyə qulaq assın, orada tapşırıqlar yerinə yetirsin. Amma distant təhsil olduqda tələbə artıq evdə otura-otura bu təhsili alacaq. Amma gəlin etiraf edək ki, hələlik həm maddi-texniki bazamız, həm də özümüzün hazırkı durumumuz buna imkan vermir. Hələ qiyabi, əyani təhsildə müəyyən neqativ hallara yol verilirsə, onda görün distant təhsildə necə ola bilər?", - Mustafayev əlavə edib.

"Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır.

Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır.

Xəbər lenti

Xəbər lenti