...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Sədiqinin fikirlərinə münasibət bildirib

Cəmiyyət Materials 29 Noyabr 2011 17:37 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Sədiqinin fikirlərinə münasibət bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ayətullah Sədiqinin fikirlərinə münasibət bildirib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Ayətullah Sədiqinin İslamı şəxsi məqsədlərinin alətinə çevirərək obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığını iddia etməsi tamamilə məntiqsizlik və həmin "din adamları"nın özlərinin də yaxşı bildiyi ən böyük günahlardan sayılan böhtandır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Təbrizdə "Əşrəfül-Ənbiya" məscidində keçirilən mərasimdə çıxış edərək Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığı ilə bağlı fikirlərə münasibət bildirərək deyib.

Zülfüqarov deyib ki, müstəqilliyini yenidən qazanmış ölkəmizdə dindar qadınların hicab taxmasına heç vaxt qadağa qoyulmayıb. "Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda hicabı məcburi şəkildə deyil, könüllülük əsasında geyinirlər və bu, dövlətimizin insanlara azad seçim hüququ verməsinin bariz nümunəsidir. Ölkənin dövlət təhsil sistemi dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir və hamısına eyni şərait yaradılıb", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu "unutmuş ayətullahlar"a onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun aliliyi prinsipi yüksək səviyyədə qorunur. "Qanunlarımıza görə isə İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycanda təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər", - o qeyd edib.

Zülfüqarov deyib ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tolerant prinsipləri önə çəkməsi, dinlər və məzhəblərüstü siyasət aparması totalitar təfəkkür tərzinə sahib "ayətullahları" narahat edir və onlar son çarə kimi azərbaycanlı dindarları dövlətə qarşı qoymağa çalışırlar. "Bəyanatlarında üstüörtülü şəkildə "cihad", "şəhadət", "qüdrət taxtından yerə salmaq" kimi ifadələrdən istifadə etmələri onların həm dini, həm də siyasi səbatsızlıqlarından xəbər verir", - o deyib.

Xəbər lenti

Xəbər lenti