...

Qulu Novruzov: Magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməməsi təhsilin keyfiyyətinə təsir göstərməyəcək

Cəmiyyət Materials 30 Noyabr 2011 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməməsini normal proses hesab edir. Trend-in məlumatına görə, təhsil nazirinin müavini Qulu Novruzov çərşənbə günü jurnalistlərə bildirib ki, magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməməsi təhsilin keyfiyyətinə təsir göstərməyəcək.

"Mən özüm də həqiqi hərbi xidməti başa vurduqdan sonra ali məktəbə daxil olmuşam. O fikirlə razı deyiləm ki, həqiqi hərbi xidməti başa vurduqdan sonra peşəkar təhsil almaq olmaz və bu, təhsilin keyfiyyətini aşağı salacaq. Həqiqi hərbi xidməti başa vurduqdan sonra təhsili növbəti pillədə davam etdirmək tamamilə normaldır", - Novruzov deyib.

Azərbaycanda magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququ verilməyəcək. Bu barədə Trend-ə çərşənbə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, bu, cümə axşamı komitənin iclasında müzakirəyə çıxarılacaq "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsində nəzərdə tutulub.

Novruzov deyib ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycanın ali məktəblərində təhsil alan oğlanlara bir dəfə - bakalavr pilləsində həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Xəbər lenti

Xəbər lenti