...

Ədliyyə Nazirliyində vətəndaşların qəbulu prosedurunun asanlaşdırılmasını nəzərdə tutan yeni qaydalar bəyənilib

Cəmiyyət Materials 30 Noyabr 2011 19:41 (UTC +04:00)
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyində vətəndaşların qəbulu prosedurunun asanlaşdırılmasını nəzərdə tutan yeni qaydalar bəyənilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Trend-in çərşənbə günü Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, iclasda ölkə Prezidentinin noyabrın 24-də imzaladığı İstehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericiliyə dəyişikliklərə dair fərmandan və Nazirlər Kabinetinin elektron xidmətlərlə bağlı həmin tarixli Qaydalardan irəli gələn vəzifələr müzakirə olunub.

Bildirilib ki, bu mühüm sənədlərə əsasən, həmçinin, dövlət orqanlarına rüsum və haqların POS-terminallar vasitəsilə ödənişinin və s. elektron xidmətlərin tətbiqi ölkəmizdə müasir elektron hesablaşma mexanizminin yaradılmasında mühüm yenilik olmaqla, antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirlərinin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı müxtəlif xarakterli elektron xidmətlərin təşkili üzrə artıq müəyyən tədbirlər görülüb, o cümlədən bəzi ədliyyə orqanlarında universal elektron xidmət köşkləri quraşdırılıb və həmin köşklər vasitəsilə vətəndaşlar bir çox xidmətlərlə yanaşı elektron qaydada dövlət rüsumlarının ödənilməsi imkanı da əldə ediblər.

Eyni zamanda, nazirliyin internet saytında istifadəyə verilmiş yeni elektron xidmət bölməsində göstərilən Qaydalara uyğun olaraq, Azərbaycan adları, qeydiyyat və notariat orqanları, notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının aparılması, icra qurumları və hərraca çıxarılan əmlaklar barədə, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən məlumat əldə edilməsi və digər elektron xidmət növləri yaradılıb.

Kollegiyada, antikorrupsiya tədbirləri çərçivəsində nazirliyin internet saytının interaktiv rejimdə fəaliyyət göstərməsi, Qaynar xətdən səmərəli istifadə olunması qeyd edilib, vətəndaşların qəbulu prosedurunun asanlaşdırılmasını, xüsusilə də mütərəqqi yenilik - internet vasitəsilə şəxsi qəbula yazılması imkanını da nəzərdə tutan yeni qaydalar müzakirə edilərək bəyənilib.

İclasda məhkumların hüquqlarının, xüsusilə sağlamlığının qorunması, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi üzrə əlavə qanunvericilik və praktiki tədbirlər müzakirə olunub.

Kollegiyada 15 qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı məsələsinə baxılıb.

Xəbər lenti

Xəbər lenti