...

Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramının rəsmi saytı yaradılır

Cəmiyyət Materials 10 Dekabr 2011 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend müxbir M.Əliyev/

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının rəsmi saytı yaradılır. Bu barədə Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

"Saytda xüsusi Dövlət Proqramının icrası ilə bağlı foto, video materiallar, hər bir dövlət qurumunun bu proqramın icrası ilə bağlı gördüyü işlər öz əksini tapacaq", - o bildirib.

Nazir müavini qeyd edib ki, saytda hər bir vətəndaş Proqram çərçivəsində ayrılmış maliyyə vəsaiti, görülmüş işlər haqqında şəffaf şəkildə məlumat ala biləcək.

Babayevin sözlərinə görə, bu ilin sonuna kimi hazır olacaq sayt həm də gənclərin özlərinin bu proqramın icrasında fəal iştirakçıya çevrilməsinə şərait yaradacaq.

Dövlət Proqramının icrası ilə bağlı nazir müavini həmçinin bildirib ki, müvafiq dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrindən ibarət əlaqələndirmə şurası yaranıb və bu ayın sonuna qədər şuranın ilk iclası keçiriləcək.

"İclaslar mütəmadi keçiriləcək ki, Dövlət Proqramının icrası ilə bağlı dövlət qurumları, ictimai təşkilatlar qarşılıqlı olaraq fikir mübadiləsi aparsınlar", - o deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramının icrası üçün 2012-ci ilin dövlət büdcəsində 20,1 mln. manat maliyyə vəsaitinin ayrılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti