Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı" adlı beynəlxalq konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə əhalinin əmək hüquqlarının qorunmasında dövlət dəstəyindən danışıb.
Əliyev bildirib ki, cari ildə əhalinin orta aylıq pensiyası 190, orta aylıq əməkhaqqı isə 450 ABŞ dolları təşkil edir. Onun sözlərinə görə, ünvanlı sosial yardım proqramı çərçivəsində 113 min ailənin hər birinə hər ay 102 manat vəsait verilir.
PA-nın sektor müdiri qeyd edib ki, mətbuatın inkişafı da daim dövlətin diqqət mərkəzindədir.
"Son illər artıq Azərbaycan mətbuatının yubileyləri dövlət səviyyəsində geniş şəkildə qeyd olunur. Aparıcı kütləvi informasiya vasitələrinə mütəmadi olaraq yüksək məbləğdə dövlət yardımı ayrılır. Ötən il mətbuatın 135 illiyi münasibətilə Azərbaycan Prezidentinin sərəncamına əsasən 92 mətbuat nümayəndəsinə dövlət mükafatı və fəxri adlar verilib. Bundan başqa, ölkə başçısının sərəncamı ilə evsiz mətbuat nümayəndələrinin evlə təmin olunması məqsədilə 5 milyon manat vəsait ayrılıb", - Əliyev vurğulayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının fəaliyyətindən danışıb. MŞ sədri orada ölkədəki media vasitələrinin az hissəsinin təmsil olunduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərin əmək hüquqlarının qorunmasını istəyiriksə, ilk növbədə, Həmkarlar İttifaqının üzvü olmalıyıq ki, onların təklif etdiyi imtiyazlardan yararlana bilək.
"Biz istəyirik ki, jurnalistlərin də istirahət mərkəzləri olsun və güzəştli şərtlərlə orada dincələ bilsinlər", - Səfərli bildirib.
Tədbirdə Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndəsi Adrien Kollin, Avropa İttifaqının Bakı nümayəndəliyinin və digər qurumların nümayəndələri iştirak ediblər.