Azərbaycan, Bakı, 21 dekabr /Trend/
Azərbaycan Ombudsmanının Cəlilabad regional mərkəzinin əməkdaşları Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər, orada saxlanılan şəxslərlə, o cümlədən Nərimanabad-2 və Balıqçılar qəsəbələrində baş vermiş məlum hadisə ilə bağlı saxlanılanlarla da görüşüblər.
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mərkəzin əməkdaşları Cinayət Məcəlləsinin (CM) 221.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Lənkəran rayonu Nərimanabad-2 qəsəbə sakinləri - 1951-ci il təvəllüdlü Hüseynov İsmayıl İsi oğlu, 1978-ci il təvəllüdlü Ələkbərov Xaliq Arif oğlu, 1984-cü il təvəllüdlü Məmiyev Farid Nizami oğlu və 1993-cü il təvəllüdlü Abbaszadə Kainat Ağaməcid oğlu ilə təklikdə görüşüb, onların saxlanma şəraitini araşdırıblar.
Saxlanılan şəxslər saxlanma şəraiti və polisin onlarla davranışından şikayət etməyiblər.
Eyni zamanda məlum olub ki, saxlanılan 4 nəfərlə bağlı rayon məhkəməsi tərəfindən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, Lənkəran Rayon Prokurorluğu tərəfindən müvafiq maddələrlə cinayət işi başlanılıb və onlar dövlət hesabına vəkillə təmin ediliblər.
Həmin şəxslər hadisənin təfərrüatı barədə ombudsmanın nümayəndələrinə məlumat verib və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Dəstəsinin əməkdaşlarının hərəkətlərinə etirazlarını bildiriblər.
Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin hər birinə hüquqi məsləhət verib, onların suallarını cavablandırıb və saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.