Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 539 678 nəfər turist gedib.
Türkiyənin Azərbaycandakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu rəqəm 2010-cu ilin eyni dövrü ilə müqayisədə 21,17 faiz çoxdur. Keçən ilin 11 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 445 383 nəfər olub.
Bu ilin noyabr ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayı 1 596 295 nəfər olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7,06 faiz artım deməkdir.
Bu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn turist sayında keçən ilin eyni dövrü ilə müqayisədə 10,18 faiz artım qeydə alınıb. Bu ilin 11 ayında Türkiyəyə gələn 30 261 343 nəfər turistin 37,34 faizi (10 347.283 nəfər) Antalya, 24,81 faizi (7 507 799 nəfər) İstanbul, 10,15 faizi (3 071 305 nəfər) Muğla, 8,35 faizi (2 528. 97 nəfər) Edirnə, 4,44 faizi (1 342 577 nəfər) İzmir giriş qapılarından ölkəyə daxil olub.
2003-cü ildə 13 milyon civarında turist qəbul edən Türkiyə, 2023-cü ildə 50 milyon turist qəbul etməyi və turizm sektorundan ildə 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır.
Hədəfə çatmaq üçün Türkiyə, sadəcə, yalnız isti dəniz sahillərini əhatə edən yay turizmi ilə kifayətlənməyib. Bu ölkə Hitit, Rum və Türk mədəniyyəti nümunələrinin yer aldığı İç Anadolu və bənzərsiz qış turizmi təsislərinə sahib olan Şimal-şərqi Anadolunun turizm imkanlarından istifadə etmək üçün böyük layihələr həyata keçirir.