...

MTRŞ 2011-ci ilin yekunlarına dair hesabat verib

Cəmiyyət Materials 30 Dekabr 2011 14:08 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına dair hesabat verib.
MTRŞ 2011-ci ilin yekunlarına dair hesabat verib

Azərbaycan, Bakı, 30 dekabr / Trend müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına dair hesabat verib.

"Mən hesab edirəm ki, 2011-ci il teleradio məkanında xeyli müsbət dəyişikliklərlə yadda qaldı", - Trend-in məlumatına görə, 2011-ci ilin yekunlarına həsr olunan iclasda Məhərrəmli bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkə ərazisində və bölgələrdə yayımlanan 14 televizya və radio yayımçısının lisenziyası uzadılıb.

"Lisenziyaların uzadılması əsasında 93 min manat dövlət büdcəsinə köçürülüb", - MTRŞ sədri qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə verilən mühüm qərarlardan biri də Azərbaycanda teleradio yayımının rəqəmsal yayıma keçməsi ilə bağlı olub.

"Bu, mühüm hadisədir. Demək olar ki, Azərbaycanda rəqəmsal yayıma analoq yayımla bərabər keçildi. Həm də MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda teleradio yayımçıları rəsmi olaraq öz yayımlarını rəqəmsal şəkildə aparırlar", - Məhərrəmli deyib.

O, həmçinin qeyd edib ki, Milli Televiziya və Radio Şurasına bu il 413 sənəd daxil olub.

Onun sözlərinə görə, il ərzində Şuraya vətəndaşlar tərəfindən fərdi qaydada 45 müraciət daxil olub.

"Vətəndaşların müraciətlərindən 20-si telekanallarla bağlı şikayət olub. Bundan əlavə, MTRŞ 277 müxtəlif xarakterli sənəd hazırlayaraq ayrı-ayrı təşkilatlara göndərib", - Məhərrəmli qeyd edib.

O, həmçinin bildirib ki, bu il Azərbaycanda televizya seriallarının çəkilişi ilə bağlı mühüm irəliləyişlər oldu.

"Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev bunun üçün 5 milyon manat maliyyə vəsaiti ayırdı. Maliyyə dəstəyi qrant şəklində televiziya kanallarına ayrılıb və Azərbaycanda teleserialların çəkilişinə başlanılıb. Hesab edirəm ki, bu, çox mühüm bir addım idi və buna uyğun olaraq, Milli Televiziya və Radio Şurası artıq 2012-ci il may ayının 1-dən Azərbaycanda xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qəbul edib", - Məhərrəmli vurğulayıb.

Televiziya və radio kanallarında qanun pozuntularından danışan Şura sədri deyib ki, il ərzində ciddi qanun pozuntuları qeydə alınmayıb.

Onun sözlərinə görə, mövcud qanun pozuntuları daha çox reklamla və sponsorlarla bağlıdır ki, bu pozuntular barədə yayımçılara mütəmadi məlumat verilir və onlar aradan qaldırılır.

Məhərrəmli bir daha televiziya kanallarında şou xarakterli verilişlərlə bağlı narahatlığını dilə gətirib.

"Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq", - Məhərrəmli qeyd edib.

Məhərrəmli növbəti ildə görüləcək işlərdən də danışıb. "Növbəti il MTRŞ Azərbaycan televiziya kanallarında verilişlərin keyfiyyətinin daha da yüksəldilməsi, Azərbaycan televiziya və radio kanallarının maddi-texniki bazasının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində işlərin həcmini genişləndirəcək", - Məhərrəmli bildirib.

O, həmçinin qeyd edib ki, 2012-ci ildə Azərbaycanda regional kanalların açılması məsələsinə də baxıla bilər.

Şura sədri əlavə edib ki, bu məsələ gündəmdədir.

"Biz çalışırıq ki, bütün bölgələrdə teleradio kanalları olsun. Parlament seçkiləri qabağı bu məsələ daha da aktuallaşır. Çünki parlament seçkilərində namizədliyini irəli sürən şəxslər öz təbliğatlarını regional kanallarda qurmalıdırlar", - Məhərrəmli qeyd edib.

MTRŞ sədri həmçinin Azərbaycanda Televiziya Akademiyasının açılmasının zəruri olduğunu bildirib.

"Televiziya XXI əsrdə sürətlə inkişaf edən və cəmiyyətin həyatına böyük təsir göstərən sahə olduğuna görə, gələcəkdə bu məsələyə baxılmalı və Televiziya Akademiyası yaradılmalıdır", - Məhərrəmli deyib.

Xəbər lenti

Xəbər lenti