...

Azərbaycanda rüşvət alan yol polisləri barədə araşdırma başlayıb

Cəmiyyət Materials 10 Yanvar 2012 16:33 (UTC +04:00)
İnternetdə yol polisi əməkdaşlarının rüşvət alması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma başlayıb.
Azərbaycanda rüşvət alan yol polisləri barədə araşdırma başlayıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

İnternetdə yol polisi əməkdaşlarının rüşvət alması ilə bağlı yayılan video ilə əlaqədar araşdırma başlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, videoda hərəkəti izlənilən yol polisi əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıdır.

Şöbə rəisinin sözlərinə görə, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

"Araşdırma zamanı həmin polislərin şəxsiyyəti müəyyən olunacaq. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin əməkdaşlar barədə müvafiq tədbir görüləcək", - Əliyev deyib.

Kamran Əliyev bildirib ki, 2011-ci ildə korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 30-dan çox yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Ötən il korrupsiya hüquqpozmalarına yol verən yol polisi əməkdaşlarının bəziləri barəsində Baş Prokurorluğa da məlumat göndərilib və prokurorluq tərəfindən araşdırma aparılıb.

Qeyd edək ki, bu sahədə şəffaflığın təmin olunması məqsədilə qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə görə, cərimələrdən gələn vəsaitin 25 faizi yol polisi əməkdaşlarının maaşına yönəldilir.

İnternetdə yayılan videoda yol polisi əməkdaşlarının reyd zamanı sürücülərdən rüşvət almalarını əks etdirən görüntülər yer alıb.

Xəbər lenti

Xəbər lenti