...

Azərbaycanda magistraturaya qəbul qaydaları açıqlanıb

Cəmiyyət Materials 11 Yanvar 2012 11:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını açıqlayıb.
Azərbaycanda magistraturaya qəbul qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını açıqlayıb.

Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır.

Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır.

Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək).

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək.
Magistratura ixtisaslaşmaları üzrə qəbul proqramları və ixtisaslaşma seçimi cədvəlləri jurnalın növbəti sayında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti