Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Bakı Şəhər Baş Polis İdarəsində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov qeyd edib ki, hesabat dövründə Bakı şəhərində ümumən 11.316 cinayət qeydə alınıb, onların 88,5 faizi (10.018) az ağır və böyük ictimai təhlükə törətməyən, 11,5 faizi (1298) isə ağır və xüsusilə ağır növ cinayətlər olub. Qabaqlayıcı profilaktiki tədbirlərin səmərəsi artıb, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin sayı 7,4 faiz, o cümlədən şəxsiyyət əleyhinə olanlar 6,1 faiz, hədə-qorxu ilə tələb etmələr 35,7 faiz, quldurluqlar 15,1 faiz, qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr 6 faiz, qəsdən sağlamlığa yüngül zərər vurma və döymə 6,1 faiz, nəqliyyat vasitələrinin oğurluğu 14,3 faiz azalıb. Ümumi cinayətlərin açılması 73,3, ağır növ cinayətlərin açılması 71, şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması isə 94,9 faiz təşkil edib. Ötən il 26 quldurluq və 41 soyğunçuluq törətmiş 140 nəfərdən ibarət 58 cinayətkar qrup, eləcə də 46 mənzil oğurluğu törətmiş 72 nəfərdən ibarət 31 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.
Bildirilib ki, məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 61 odlu silah, o cümlədən 4 avtomat, 32 tapança, 25 tüfəng və xeyli sayda sursat götürülüb. Odlu silahlardan 26-sı əməliyyat yolu ilə aşkarlanıb. Qanunsuz dövriyyədən 149 kiloqrama yaxın narkotik vasitə çıxarılıb ki, bu da 2010-cu illə müqayisədə 10,6 kiloqram çoxdur.
Əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin axtarışı da fəal surətdə davam etdirilib, 1134 belə şəxsdən 801-nin və ya 70,6 faizinin, əvvəlki illərdən axtarılanlardan 87-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 160 nəfərin tutulması təmin olunub. Nəticədə 2010-cu illə müqayisədə ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 4,3 faiz yaxşılaşıb, qalıq 15 fakt azalıb.
Ağır və xüsusilə ağır cinayətlərə görə tutulan 160 nəfərdən 22-si ölüm və ölümə qəsdə, 14-ü ağır xəsarət yetirməyə, 10-u quldurluğa, 24-ü isə soyğunçuluğa görə axtarılanlar olub. Hesabat dövründə əməliyyat aparatlarının icraatında xəbərsiz itkin düşmüş şəxslərin 66 faizi tapılaraq ailələrinə qaytarılıb.
Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülüb, il ərzində 366.222, o cümlədən sürət həddinə əməl olunmaması ilə bağlı 4.426, ötmə və manevr qaydalarını pozma ilə əlaqədar 1.699, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4.214 yol hərəkəti qayda pozuntusu faktları aşkar edilib. Qaydaları davamlı və kobud şəkildə pozan, ictimaiyyətə açıqca hörmətsizlik edən avtoxuliqanlara qarşı aparılan mübarizə tədbirləri qətiyyətlə davam etdirilib, 282 avtoxuliqan yaxalanaraq məhkəməyə verilib.
Baş vermiş cinayətlər üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması, vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi sahəsində işlər davam etdirilib, nəticədə istintaq aparatları tərəfindən 77,5 faizinin ödənilməsi təmin olunub.
O da bildirilib ki, cinayətkarlıqla mübarizə və profilaktika işinin səmərəliyinin göstəricilərindən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələlərinə xüsusi önəm verilib, il ərzində ərazi polis orqanları tərəfindən 87 mindən artıq ərizə və müraciətə baxılıb, Baş İdarəyə daxil olmuş 13.067 müraciətin 6465-i aidiyyəti üzrə digər orqan və təşkilatlara göndərilib, 2438-i rəhbərlik tərəfindən nəzarətə götürülüb, 1040 nəfər Baş İdarənin rəhbərliyi və məsul əməkdaşları tərəfindən qəbul edilib.
Məruzəçi çıxışında xidməti fəaliyyətdə yol verilmiş nöqsanların üzərində də ətraflı dayanıb.
Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri Ramil Usubov hesabat dövründə Bakı BPİ-nin şəxsi heyəti tərəfindən görülən işləri bütövlükdə qənaətbəxş sayıb, bununla belə, cinayətkarlıqla mübarizənin ayrı-ayrı istiqamətlərində nəzərəçarpan nöqsan və çatışmazlıqlardan narahatlığını bildirib, onların aradan qaldırılması üçün konkret tapşırıq və tövsiyələrini verib.