...

Azərbaycan universitetlərinin diplomlarının İranda tanınması qaydaları dəyişdirilib

Cəmiyyət Materials 23 Yanvar 2012 11:53 (UTC +04:00)
İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi Azərbaycan universitetlərində təhsil alan iranlı tələbələrin diplomlarının tanınması ilə bağlı yeni qaydaları və diplomları tanınan ali məktəblərin siyahısını açıqlayıb.
Azərbaycan universitetlərinin diplomlarının İranda tanınması qaydaları dəyişdirilib

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbirlər İ.İsabalayeva, T.Cəfərov/

İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi Azərbaycan universitetlərində təhsil alan iranlı tələbələrin diplomlarının tanınması ilə bağlı yeni qaydaları və diplomları tanınan ali məktəblərin siyahısını açıqlayıb.

Trend-in İranın İSNA İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, qaydalar 2012-ci il fevralın 1-nə kimi Azərbaycanda təhsil alan iranlı tələbələrə şamil edilir.

Qaydalara əsasən, iranlı tələbələr bakalavr, magistr, mütəxəssis, elmlər doktoru pillələri üzrə Azərbaycanın on ali təhsil müəssisəsində müxtəlif elmi dərəcələr üzrə təhsil ala bilərlər. Yalnız bu halda onların diplomları İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyi tərəfindən etibarlı sayılacaq. Həmin ali məktəblərin siyahısı aşağıdakılardır.

  1. Bakı Dövlət Universiteti - bütün təhsil pillələri üzrə;
  2. Azərbaycan Memarlıq və İnşaat Universiteti - bütün təhsil pillələri üzrə;
  3. Azərbaycan Milli Elmlər Akademiyası - elmlər doktoru proqramı üzrə;
  4. Azərbaycan Dövlət Neft Akademiyası - bütün təhsil pillələri üzrə;
  5. Bakı Musiqi Akademiyası - bakalavr və magistr pilləsi üzrə;
  6. Azərbaycan Dövlət İncəsənət Akademiyası - yalnız incəsənət və rəssamlıq ixtisasları üzrə bakalavr və magistr pillələri;
  7. Azərbaycan Milli Konservatoriyası - bakalavr və magistr pillələri üzrə;
  8. Azərbaycan Texniki Universiteti; - bakalavr və magistr pillələri üzrə;
  9. Naxçıvan Dövlət Universiteti - bakalavr və magistr pillələri üzrə;
  10. Xəzər Universiteti - iqtisadiyyat, idarəetmə, memarlıq, mühəndislik, hüquq, incəsənət, humanitar və sosial elmlərin bakalavr və magistr pillələri üzrə.

Azərbaycanda bütün təhsil pillələri üzrə təhsil almaq istəyən iranlılar Azərbaycan dilini 6 ay ərzində öyrənməli və bunu təsdiqləyən arayışı İranın Elm, Texnologiya və Araşdırmalar Nazirliyinə təqdim etməlidirlər.

İranlı gənclər Azərbaycanın yuxarıda qeyd edilən ali məktəblərində bütün pillələr üzrə yalnız əyani təhsil almalıdırlar.

Bakalavr pilləsinə təhsil almaq istəyən iranlıların 12 illik orta təhsil sənədi, həmin sənədin orta balı isə 14 olmalıdır. Azərbaycanın orta məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı ən yüksək bal "beş" olduğu halda, İranda bu bal "iyirmi"dir.

Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil almaq istəyən iranlı bakalavrların diplomlarının orta balı 15 olmalıdır.

Azərbaycanda mütəxəssis diplomu almaq üçün təhsil alan iranlılar bu diplomu bu il fevralın 1-dən sonra alacaqları təqdirdə onların bu təhsil sənədləri etibarsız sayılacaq.

Azərbaycanda elmlər doktoru proqramı üzrə təhsil alan iranlıların magistr diplomlarının orta balı 16 olmalıdır. Bundan əlavə, onların ən azı 2 elmi məqaləsi keçmiş SSRİ respublikaları istisna olmaqla, digər ölkələrin nüfuzlu nəşrlərində çap edilməlidir. Doktorluq dissertasiyasının elmi ad almaq istəyən şəxsin özü tərəfindən yazılması mütləq şərtlərdəndir.

Azərbaycan ali məktəblərində təhsil alan iranlı tələbələr hər altı aydan bir təhsil aldıqları təhsil müəssisəsinin təsdiqlədiyi məruzəni İranın Elm, Texnologiyalar və Araşdırmalar Nazirliyinin Rusiya və Belarusdakı səfirliklərindəki nümayəndələrinə təqdim etməlidirlər. Məruzədə tələbənin həmin təhsil müəssisəsində oxuması təsdiqlənməli və təhsil göstəriciləri əks olunmalıdır.

Azərbaycanın siyahıda göstərilməyən digər universitetlərində təhsil alan iranlı tələbələrin alacaqları diplomun tanınması ilə bağlı sonradan hər hansı problemin yaranmaması üçün onlar indidən İranın Elm, Texnologiyalar və Araşdırmalar Nazirliyinə müraciət etməlidirlər. Bu halda nazirlik həmin tələbələrin diplomlarının tanınması ilə bağlı qərar verəcək.

Xəbər lenti

Xəbər lenti