...

Azərbaycan sinoptikləri fevral ayında hansı hava şəraitini vəd edir?

Cəmiyyət Materials 31 Yanvar 2012 11:55 (UTC +04:00)
Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Azərbaycan sinoptikləri fevral ayında hansı hava şəraitini vəd edir?

Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir İ.İsabalayeva/

Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroluq Asif Verdiyevin çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, soyuq dövrlərdə 3-8 dərəcə şaxta gözlənilir. Temperatur gündüzlər 3-8 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 3-8 dərəcə şaxta, soyuq dövrlərdə 15-20 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 2-7 dərəcə isti, soyuq dövrlərdə 0-5 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyək isti, Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti, Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında havanın orta temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda gözlənilən temperatur iqlim normasına yaxın olacaq.

Xəbər lenti

Xəbər lenti