Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yolların buzlaşması ilə əlaqədar bu gün səhər saat 9:00-dan 13:00-dək 45 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına həmin müddətdə 247 müraciət daxil olub.
Müraciətlərdən 78-i travmalarla bağlı olub. Travma alanlardan 46-sı xəstəxanaya çatdırılıb.
Bu gün ərzində təcili yardıma yol qəzaları və ölümlə bağlı məlumat daxil olmayıb.
Stansiyadan bildirilib ki, yolların buz olması, vaxtında təmizlənməməsi təcili yardım xidmətinin fəaliyyətinə ciddi əngəllər yaradıb, təcili yardım maşınları çağırışlara vaxtında çata bilmir, saatlarla ləngimələr olub.
Qeyd edək ki, dünən axşam saatlarından Bakının enişli-yoxuşlu və sərt yollarında təhlükəli vəziyyət yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.
Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.