...

Azərbaycanda uçan naməlum obyektlərin olması həqiqətdirmi?

Cəmiyyət Materials 10 Fevral 2012 15:45 (UTC +04:00)
Son zamanlar Bakı və yaxud Gəncə şəhərləri ətrafında bəzi şəxslərin guya fotogörüntü əldə etməsinə baxmayaraq, heç bir naməlum obyekt və ya hadisə müşahidə olunmayıb.
Azərbaycanda uçan naməlum obyektlərin olması həqiqətdirmi?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Son zamanlar Bakı və yaxud Gəncə şəhərləri ətrafında bəzi şəxslərin guya fotogörüntü əldə etməsinə baxmayaraq, heç bir naməlum obyekt və ya hadisə müşahidə olunmayıb. Bu barədə cümə günü Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının müdir müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, uçan naməlum obyektlərin (UNO) Azərbaycanda mövcudluğu ilə bağlı şərhlər qətiyyən həqiqəti əks etdirmir.

"Sadəcə olaraq insanlar və bu sahədə özlərini ixtisaslaşmış hesab edən bəzi "ekspertlər" uçan boşqab, UNO barədə mülahizələr irəli sürərək ictimaiyyəti çaşdırmaq istəyirlər", - Babayev deyib.

Babayev qeyd edib ki, insanların müşahidələri atmosfer hadisəsi və ya süni cihazlar ola bilər.

Rəsədxananın müdir müavini həmçinin vurğulayıb ki, ölkə ərazisində baş verən qeyri-adi atmosfer hadisələrinin araşdırılması üçün Beynəlxalq Astronomiya İttifaqı ilə əməkdaşlıq edilir.

"Beynəlxalq Astronomiya İttifaqının naməlum hadisələrin izahı ilə məşğul olan komissiyasına Azərbaycan ərazisində buludlarla bağlı müşahidə olunmuş qəribə hadisənin koordinatlarını və şəkillərini göndərdik. Hələdə komissiyadan cavab gəlməyib", - o deyib.

Son bir neçə ay ərzində Azərbaycan KİV-lərində Bakı, Gəncə, Bərdə şəhərlərində həvəskar kameralarla çəkilmiş "naməlum uçan boşqabların" şəkilləri yayılıb.

Xəbər lenti

Xəbər lenti