Azərbaycan, Bakı, 10 fevral /Trend/
Macar dilində şer yazan ilk azərbaycanlı şair Rüstəm Əmirovun "Hersoqun qəsri" adlı ilk şeirlər kitabı işıq üzü görüb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Əmirov 1990-cı ildə Budapeştdə anadan olub. Hazırda Macarıstan paytaxtındakı Eötvöş Lorand Universitetinin macar filologiyası fakültəsinin dördüncü kurs tələbəsidir. Atası Ramiz Əmirov əslən Ağdam rayonundandır. Keçmiş sovet ordusu sıralarında hərbi xidmətini Macarıstanda keçirib. Sonradan bu ölkəyə qayıdıb, macar qızı ilə ailə qurub.
Əmirov 12 yaşından etibarən şeir yazır. Gənc müəllifin poetik yaradıcılığının əsas leytmotivini uşaq dünyasının təsviri, təbiət şeirləri, habelə tarixi mövzuların işıqlandırılması təşkil edir. Rüstəmin şerlərindən biri Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərova həsr edilib.
Hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin tövsiyəsi ilə Rüstəm Azərbaycan ədəbiyyatını orijinaldan macar dilinə çevirmək məqsədilə Azərbaycan dilini daha dərindən öyrənir. Bu məqsədlə o, ölkəmizdəki humanitar istiqamətli ali məktəblərin birində xüsusi ixtisas kursu keçmək niyyətindədir.