Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda yaxın günlər ərzində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti yaranacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə verilən məlumata görə, son 2 həftə ərzində Azərbaycan ərazisi, o cümlədən Abşeron yarımadası Sibir antisiklonunun təsiri altında olduğundan insanlar yüksək atmosfer təzyiqinə uyğunlaşıb. Lakin fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi nəticəsində meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaq. Bununla yanaşı kəskin soyuqlardan sonra temperaturun tədricən yüksəlməsini müsbət amil kimi qiymətləndirmək olar.
Bu gündən başlayaraq, ölkə ərazisində havanın temperaturunun ötən günlərə nisbətən yüksələcəyi gözlənilir. Havanın temperaturu getdikcə yüksələrək iqlim normasına yaxınlaşacaq. Yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında fevralın 13-dən 14-nə keçən gecə havanın bəzi yerlərdə az yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Fevralın 14-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti,
dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.