Azərbaycan, Şamaxı, 15 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda dövlət orqanları, nazirliklər iş yükünün bir hissəsini vətəndaş cəmiyyəti ilə bölüşdürməlidir. Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilən konfransda çıxışı zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
"Vətəndaş cəmiyyəti korrupsiya subyektlərini tənqid edir, lakin bu məsələdə birgə məsuliyyəti görmürük. İnkişaf etmiş ölkələrdə olduğu kimi, müvafiq dövlət orqanları, nazirliklər iş yükünün bir hissəsini vətəndaş cəmiyyəti ilə bölüşdürməli, onları hansısa layihələr çərçivəsində maliyələşdirməli, birgə layihələr həyata keçirməlidirlər", - Hüseynli əlavə edib.
Onun sözlərinə görə, elektron hökumətlə bağlı siyasəti həyata keçirən, ona nəzarət edən, bütün dövlət orqanlarını əlaqələndirən xüsusi bir xidmətin yaradılmasına ehtiyac var.