Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/
Telemetrik stansiyaların alınıb quraşdırılması və tətbiqi sahəsində MDB ölkələri arasında lider olan Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ABŞ-ın "Kinemetriks" şirkətinin razılığı ilə başqa ölkələrdə də bu stansiyaların quraşdırılması prosesində iştirak etməyə başlayıb.
Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, şirkətlə RSXM arasında əldə olunmuş razılaşmaya əsasən, regionda və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqələri olan ölkələrdə telemetrik seysmik stansiyaların quraşdırılması RSXM-in əməkdaşları tərəfindən həyata keçirilir.
Hazırda RSXM-in əməkdaşları Birləşmiş Ərəb Əmirliklərində səfərdədirlər. RSXM əməkdaşları Abu-Dabidə yeni telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması prosesində iştirak edəcəklər. Onların stansiyaların iş prinspi ilə bağlı yerli mütəxəssislər üçün təlim-treninqlər keçirməsi də nəzərdə tutulur.