...

Azərbaycanda pasiyentlər üçün yenilik

Cəmiyyət Materials 9 Aprel 2012 14:31 (UTC +04:00)
Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər həkimin qəbuluna elektron yolla yazılacaqlar.
Azərbaycanda pasiyentlər üçün yenilik

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər həkimin qəbuluna elektron yolla yazılacaqlar. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.

Onun sözlərinə görə, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur. Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.

Əsəd-zadə bildirib ki, elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək.

"Pasiyent bunun sayəsində qabaqcadan biləcək ki, hansı hakim hansı poliklinikada işləyir və xəstələrini nə vaxt qəbul edir. Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək", - mərkəz direktoru əlavə edib.

Əsəd-zadə bildirib ki, elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar sadəcə internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyatın nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti