...

"AirBaltic" Bakıya reyslər təşkil edəcək

Cəmiyyət Materials 11 Aprel 2012 14:32 (UTC +04:00)
Latviyanın "AirBaltic" milli aviaşirkəti mayın 17-dən Bakı-Riqa-Bakı birbaşa reysini həyata keçirməyə başlayacaq. Reyslər oktyabrın ortalarınadək həftədə iki dəfə yerinə yetiriləcək.
"AirBaltic" Bakıya reyslər təşkil edəcək

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir S.Ağayeva /

Latviyanın "AirBaltic" milli aviaşirkəti mayın 17-dən Bakı-Riqa-Bakı birbaşa reysini həyata keçirməyə başlayacaq. Reyslər oktyabrın ortalarınadək həftədə iki dəfə yerinə yetiriləcək.

Yeni marşrut azərbaycanlı turistlərin və iş adamlarının Riqadan Skandinaviya və digər Avropa ölkələrinə rahat tranziti üçün imkanlar açır. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin Azərbaycan üzrə meneceri Yanis Romans deyib.

"Latviyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda Latviyaya viza alan hər 11 nəfərdən biri, 2011-ci ilin məlumatına görə isə, artıq hər 9 nəfərdən biri turist olub", - Latviyanın Bakıdakı səfiri Hardius Baumanis yeni aviareysin təqdimatında deyib.

"AirBaltic" səhmdar cəmiyyətidir, əsası 1995-ci ildə qoyulub. SC-nin əsas sahibi 99,8 faiz səhmlə Latviya dövlətidir. 2011-ci ildə "AirBaltic" 3,3 milyondan çox sərnişin daşıyıb. Hazırda "AirBaltic" üç Baltik dövlətinin paytaxtına - Riqaya (Latviya), Vilnüsə (Litvaya) və Tallinə (Estoniyaya) reyslər təklif edir.

"AirBaltiс"in aviaparkına 34 avialayner - 2 "Boeing 757-200", 6 "Boeing 737-500s", 8 "Boeing 737-300", 10 "Fokker-50s" və 8 "Bombardier Q400 NextGen" daxildir.

"Artıq demək olar yeddi ildir ki, biz azərbaycanlı turoperatorlarla işləyirik və mən hesab edirəm ki, birbaşa reysin açılması ilə turistlərin sayı artacaq", - "SPARE Travel" turizm şirkətindən İvonna Kazbere deyib.

Şirkət azərbaycanlı turistlərə həm qrup, həm də fərdi səyahət edən turistlər üçün ekskursiya proqramlarının geniş seçimini təklif edir. Həmçinin, onun sözlərinə görə, turistlərin arzusu ilə turist səyahətləri və görməli yerlərlə tanışlıq proqramlarını dəyişmək imkanları mövcuddur.

Kazbere Azərbaycanın turizm firmaları ilə hazırkı əməkdaşlıqdan razılığını ifadə edərək yerli turizm agentliklərinin nümayəndələrini yay turizm mövsümündə Latviyanın turizm firmalarının təklifləri haqqında ətraflı məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti