...

Azərbaycanda insan alveri qurbanları: yenə məkan Türkiyə və İrandır

Cəmiyyət Materials 13 Aprel 2012 18:08 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə insan alveri ilə bağlı 39 cinayət faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib. Hesabat dövründə insan alveri ilə bağlı 17 qurban müəyyən edilib
Azərbaycanda insan alveri qurbanları: yenə məkan Türkiyə və İrandır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə insan alveri ilə bağlı 39 cinayət faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev deyib. Hesabat dövründə insan alveri ilə bağlı 17 qurban müəyyən edilib.

İnsan alveri cinayəti ilə məşğul olan 4 cinayətkar qrup zərərsizləşdirilib, 7 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib.

Şıxəliyevin sözlərinə görə, bu ilin birinci rübündə insan alveri qurbanı olanlar İran və Türkiyəyə aparılıb. Onlardan 13-ü Türkiyəyə, 4-ü İrana aparılıb.

Qurbanların əksəriyyəti qadınlar və 5-i 18-25 yaş, 11-i 25-35 yaş, 1-i 35 yaşdan yuxarı olanlardır. Qurbanların 12-si orta təhsilli, 4-ü natamam orta təhsilli, 1-i təhsilsiz, 14-ü subay, 3-ü ailəlidir.

Hesabat dövründə məcburi əməyə cəlb etmə ilə bağlı 1 fakt qeydə alınıb. Həmin cinayətin qurbanı Ağcabədi rayon sakinləri tərəfindən ölkə daxilində məcburi əməyə cəlb olunublar.

İdarə rəsmisi deyib ki, birinci rübdə qurum tərəfindən fahişəliyə cəlb etmə ilə əlaqədar 20, əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 25, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 2, seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 1 fakt aşkar edilib. Bu cinayətlər görə 23 nəfər məsuliyyətə cəlb olunub. Fahişəliyə cəlb etmə ilə bağlı 23 qadın barəsində inzibati protokol tərtib edilib.

İnsan alverinin qurbanı olmuş 12 nəfərə Nazirlər Kabineti tərəfindən müəyyən edilən birdəfəlik müavinət (200 manat) verilib, 10 nəfərə DİN-in Kömək Fondundan yardımlar edilib. Qurbanların hamısına hüquqi, psixoloji, tibbi yardımlar göstərilib.

Qurbanlardan 10-u işlə təmin olunub, 12-si peşə kurslarına cəlb olunub.

İdarə rəisi insan alverinin qarşısının alınması məqsədilə respublika səviyyəsində geniş maarifləndirmə tədbirlərinin aparıldığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti