...

Bakı şəhər prokurorluğu azyaşlı uşağın avtomobillə vurulması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 Aprel 2012 19:54 (UTC +04:00)
Bakı şəhər prokurorluğu azyaşlı uşağın avtomobillə vurulması məsələsinə aydınlıq gətirib.
Bakı şəhər prokurorluğu azyaşlı uşağın avtomobillə vurulması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bakı şəhər prokurorluğu azyaşlı uşağın avtomobillə vurulması məsələsinə aydınlıq gətirib. Bu barədə çərşənbə axşamı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Son günlər "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasov bəzi kütləvi informasiya vasitələrində çıxışlar edərək, azyaşlı oğlu Səid Abbaszadənin 2012-ci il martın 6-da Azad adlı şəxs tərəfindən idarə edilən avtomobillə vurulması ilə bağlı araşdırmanın Binəqədi rayon Polis İdarəsində obyektiv araşdırılmaması barədə əsassız və həqiqətəuyğun olmayan bəyanatlar verib. Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, Azad Ağayevin özünə məxsus avtomobillə Səid Abbaszadəni ehtiyatsızlıq nəticəsində vuraraq xəsarət yetirməsi faktı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmaqla hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri tədbirlər həyata keçirilib", - məlumatda deyilir.

Araşdırmalarla müəyyən edilib ki, Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus "VAZ 2107" markalı "90-NC-348" dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17:00 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləcə basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq, sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət alıb. Dərhal avtomobili saxlayan Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşıb.

Məhkəmə-tibbi ekspertizası ilə Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilib.

Beləliklə, aparılan araşdırma nəticəsində Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti