...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə almaniyalı ekspert treninq keçib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2012 17:46 (UTC +04:00)
Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi çərçivəsində Dünya Bankının Azərbaycan dövləti ilə bağladığı əməkdaşlıq durmadan inkişaf edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə almaniyalı ekspert treninq keçib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi çərçivəsində Dünya Bankının Azərbaycan dövləti ilə bağladığı əməkdaşlıq durmadan inkişaf edir. Layihənin əsas istiqamətlərindən biri olan təhsil müəssisələrində hazırlanan kadr potensialının gücləndirilməsi Azərbaycan Memarlıq və İnşaat Universitetində geniş sürətlə həyata keçirilir.

Universitetdən Trend-ə verilən məlumata görə, bu layihə çərçivəsində treninq mərkəzində "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsinin II kurs tələbələrinə beynəlxalq ekspert, Almaniyanın Zigen Universitetinin professoru Gerd Förx və AzMİU-nun əməkdaşları prof. Adil Əzizov, dos. Elxan Dadaşov tərəfindən "Ekoloji monitorinq", "Qrunt sularının mühafizəsi və istehsalatda dövri su sistemləri" mövzularında treninqlər keçilib.

Bu treninqlər ətraf mühitin, havanın, torpağın və suyun monitorinqi, su ehtiyatları, içməli su problemləri, insan sağlamlığı, yeyinti məhsullarının iqtisadi parametrləri, qrunt sularının mühafizə tədbirləri, çirklənmə səbəbləri, yaratdığı problemlər, onların aradan qaldırılması, dövri su sistemlərinin tətbiqi ilə suların mühafizəsi və onların ekoloji iqtisadi aspektləri kimi məsələləri əhatə edir.

Bu treninqlərin keçirilməsində Naxçıvan Dövlət Universitetinin tələbələri də distant təhsil metodu ilə dinləyici kimi iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin prorektoru yaradılan şəraitə görə Təhsil Nazirliyinə və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru prof. Gülçöhrə Məmmədovaya dərin minnətdarlığını bildirib və bu cür treninqlərin davamlı olmasını istədiklərini bildirib. Tələbələrlə aparılan sorğudan məlum olub ki, keçirilən treninqlər onlar üçün çox faydalı olub və bu treninqlərin gələcəkdə tez-tez keçirilməsini məqsədəuyğun hesab edirlər.

Bu layihə çərçivəsində professor Gerd Förx "ST və MKS" fakültəsinin II kurs tələbələri ilə "Su ayrıcıların inteqrasiyalı idarə olunması", "Sanitar suların idarə olunması", "Bərk tullantıların idarə olunması" və Boloniya prosesi mövzuları üzrə mühazirələr oxuyub.

Keçirilən treninqlərdə mühazirələrin əvvəlcədən hazırlanması, qiymətləndirilməsi və Azərbaycan dilinə tərcümə olunmasında kadr potensialının gücləndirilməsi dövlət investisiyası layihəsinin nazirlik üzrə koordinatoru Firuzə Həsənovanın xüsusi rolu olub.

"Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsində tədris potensialının gücləndirilməsi və su mühəndisliyi tədris planının modelləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətini artırmaq və onu tədricən aparıcı qərb universitetləri standartlarına çatdırmaq üçün yeni təkliflər hazırlanıb.

2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin akademik potensialını artırmaq üçün bu işlərin davam etdirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində AzMİU-nun "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsində bərk tullantıların təkrar emalı texnologiyası üzrə magistratura tədris planının hazırlanması planlaşdırılıb.

"ST və MKS" fakültəsinin dekanı Z.S.Musayev keçirilən treninqlərin universitetin tələbələri üçün istər bu gün, istərsə də gələcək fəaliyyətlərində çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu cür treninqlərin keçirilməsi potensial intellekt və müasir şəraitdə yaradıcılıq qabiliyyətinə malik olan mütəxəssislərin yetişməsində böyük rolu var.

Xəbər lenti

Xəbər lenti