...

Bakıda radara və kameralara düşən sürücülər üçün yenilik

Cəmiyyət Materials 23 Aprel 2012 12:17 (UTC +04:00)
Bakıda sürücülər radara və videokameralara düşməsi barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər.
Bakıda radara və kameralara düşən sürücülər üçün yenilik

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda sürücülər radara və videokameralara düşməsi barədə məlumatları SMS vasitəsilə öyrənəcəklər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, paytaxt ərazisində radara və videokameralara düşən sürücülərə məlumatların daha operativ verilməsi məqsədilə SMS xidmətindən istifadə olunması üçün İdarə mobil operatorlarla danışıqlara başlayıb.

Əsədovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozaraq radara və videokameralara düşən sürücülərə çağırış vərəqələrinin vaxtında çatdırılmasında müəyyən problemlər yaranır.

Belə ki, sürücülərin qeydiyyat ünvanlarına çağırış vərəqələri göndərilərkən həmin ünvandakı evlərin söküldüyü, yaxud da sürücülərin yaşayış yerlərini dəyişdikləri məlum olur və bu səbəbdən də qayda pozan sürücüləri bu barədə operativ məlumatlandırmaq mümkün olmur.

Bu səbəbdən də vətəndaşlar arasında müəyyən narazılıqlar yaranır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yaranmış problemin həlli məqsədilə bütün operatorlarla yeni SMS xidmətinin göstərilməsi üzrə danışıqlara başlayıb.

Yeni xidmət fəaliyyətə başlayandan sonra radara və kameralara düşən sürücülər mobil telefonlarına göndəriləcək SMS-lər vasitəsilə məlumatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti