...

Baş Prokurorluq baş redaktora işgəncələr verilməsi barədə yayılan məlumatları təkzib edib

Cəmiyyət Materials 25 Aprel 2012 18:57 (UTC +04:00)
Baş Prokurorluq baş redaktora işgəncələr verilməsi barədə yayılan məlumatları təkzib edib.
Baş Prokurorluq baş redaktora işgəncələr verilməsi barədə yayılan məlumatları təkzib edib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Baş Prokurorluq baş redaktora işgəncələr verilməsi barədə yayılan məlumatları təkzib edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində "Xəyal" müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətəuyğun olmayan məlumatlar dərc edilib.

"Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur. Bununla əlaqədar bildiririk ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Zaur Quliyevin Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və digərləri ilə birgə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, Quba rayon icra hakimiyyətinin 22 noyabr 2011-ci il tarixli iclasında rayon icra hakimiyyətinin başçısının çıxışının videogörüntüsünü 18 dekabr 2011-ci il tarixdə xüsusi proqram və digər vasitələrdən istifadə etməklə montaj etdirib, icra başçısının bəzi Quba rayon sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi cümlələrin ardıcıllığını pozaraq Quba rayon sakinlərinin qəzəb və hiddətinə səbəb ola biləcək məzmunda ayrı-ayrı sözləri birləşdirməklə süjet hazırlaması və həmin videomaterialın 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqovun vasitəsilə Elxan Əliyevə verilməsi müəyyən edilib", - məlumatda deyilir.

Z.Quliyev Cinayət Məcəlləsinin 233 və 309.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Z.Quliyev iş üzrə şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin ona ittiham elan edilən zaman cinayət-prosessual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilib, ona qarşı davranışda qeyri-insani yaxud insan ləyaqətini alçaldan rəftar və işgəncə hallarına yol verilmyib.

Təqsirləndirilən şəxs Zaur Quliyev və müdafiəçilərinin ibtidai istintaq orqanına onun işgəncələrə, qeyri-insani yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalması və hüquqlarının pozulması barədə müraciətləri daxil olmayıb.

Kütləvi informasiya vasitələrinə bir daha tövsiyə edilir ki, gələcəkdə real faktlara və həqiqətə söykənməyən qərəzli məlumatları dərc etməzdən əvvəl həmin informasiyaları dövlət qurumları və hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər.

Xəbər lenti

Xəbər lenti