...

AzərTAc Minskdə keçirilən “Belarusda KİV-lər” sərgisində təmsil olunur

Cəmiyyət Materials 25 Aprel 2012 21:54 (UTC +04:00)
Minskdə 16-cı ixtisaslaşdırılmış “Belarusda KİV-lər” sərgisi açılmışdır. Sərgidə ölkəmizi Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) təmsil edir.
AzərTAc Minskdə keçirilən “Belarusda KİV-lər” sərgisində təmsil olunur

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Minskdə 16-cı ixtisaslaşdırılmış "Belarusda KİV-lər" sərgisi açılmışdır. Sərgidə ölkəmizi Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) təmsil edir.

AzərTAc-ın təqdim etdiyi məhsulların rəngarəngliyi, multimedia vasitələrinin köməyi ilə informasiyanın çatdırma üsullarının nümayişi sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Sərgidə agentliyin videoxəbərləri, audio-slaydşouları nümayiş olunur. Burada agentliyin Azərbaycanın uğurlarını və nailiyyətlərini əks etdirən, habelə Belarus-Azərbaycan əlaqələrindən bəhs edən fotoşəkilləri də yer almışdır. Ekspozisiyada AzərTAc-ın müxtəlif illərdə nəşr etdirdiyi çap məhsulları, o cümlədən bu il çapdan çıxmış "Xocalı. XX əsrin soyqırımı" kitabı sərgi iştirakçılarına təqdim olunur.

Bundan əlavə, Heydər Əliyev Fondunun buraxdığı çap məhsulları, o cümlədən "Qarabağ xanəndələri" musiqi albomu, "Azərbaycan xalçaları" kitabı nümayiş etdirilir.

Azərbaycan haqqında geniş təsəvvür yaratmaq üçün "Eurovision" Fan-klubunun və Milli Olimpiya Komitəsinin təqdim etdiyi videomateriallar, şəkillər və eksponatlardan da geniş istifadə olunur. Artıq "Eurovision" kimi nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanın, sabah Olimpiya Oyunlarını da keçirməyə hazır olması AzərTAc-ın stendinin əsas fabulasını təşkil edir.

AzərTAc-ın stendi Belarus Respublikasının Prezidenti Administrasiyasının rəsmilərinin və Belarusun İnformasiya Nazirliyinin rəhbər heyətinin də böyük marağına səbəb olmuşdur.

Sərgi dörd gün davam edəcəkdir. Builki sərgi telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə "Tibo-2012" Beynəlxalq forumu ilə birgə keçirilir. Bu sərgidə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz stendi ilə çıxış edir.

"Belarusda KİV-lər" sərgisi çərçivəsində "Ənənəvi KİV-lərin sosial şəbəkələrdə imkanları", "Regional KİV-lər və internet", "Sosial media vasitəsilə informasiyanın yayımında operatorların rolu" kimi mövzular barədə seminarlar keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti