...

Gövhər Baxşəliyeva: TQDK-ya verilən əlavə səlahiyyətlər Azərbaycanda repetitorluq probleminin aradan qalxmasına səbəb olacaq

Cəmiyyət Materials 26 Aprel 2012 16:48 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verilən əlavə səlahiyyətlər Azərbaycanda repetitorluq probleminin aradan qalxmasına səbəb olacaq.
Gövhər Baxşəliyeva: TQDK-ya verilən əlavə səlahiyyətlər Azərbaycanda repetitorluq probleminin aradan qalxmasına səbəb olacaq

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verilən əlavə səlahiyyətlər Azərbaycanda repetitorluq probleminin aradan qalxmasına səbəb olacaq. Bu barədə Trend-ə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva bildirib.

O, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi səlahiyyətlərinin TQDK-ya verilməsinin təhsil üçün mütərəqqi addım olduğunu hesab edir.

Baxşəliyeva deyib ki, artıq orta ümumtəhsil məktəblərinin yekun imtahanlarının proqramı ilə ali təhsil müəssisəsinə qəbul imtahanının proqramı uyğunlaşdırılacaq. "Belə olan təqdirdə valideynlərin repetitorlara əlavə pul verməsinə ehtiyac olmayacaq. Şagird məktəbdə verdiyi imtahanlar kimi qəbul imtahanlarını da verəcək", - o deyib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib.

Xəbər lenti

Xəbər lenti