...

Bakıda şagird və tələbələr üçün "İqtisadiyyat üzrə Milli Yarış"ın final mərhələsi keçiriləcək

Cəmiyyət Materials 26 Aprel 2012 18:04 (UTC +04:00)
ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi və "Junior Achievement Azərbaycan" təşkilatı aprelin 27-də orta məktəb şagirdləri və universitet tələbələri üçün "İqtisadiyyat və İdarəetmə üzrə Milli Yarış"ın final mərhələsini təşkil edəcək.
Bakıda şagird və tələbələr üçün "İqtisadiyyat üzrə Milli Yarış"ın final mərhələsi keçiriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi və "Junior Achievement Azərbaycan" təşkilatı aprelin 27-də orta məktəb şagirdləri və universitet tələbələri üçün "İqtisadiyyat və İdarəetmə üzrə Milli Yarış"ın final mərhələsini təşkil edəcək. Bu barədə cümə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bakı və Mingəçevir şəhərlərinin orta məktəblərini, eləcə də universitetləri təmsil edən 8 komanda biznesin modelləşdirilməsi üzrə milli çempion titulu uğrunda mübarizə aparacaq. Yarış zamanı iştirakçılar modelləşdirilmiş virtual şirkətin meneceri kimi çıxış edərək, məhsulun qiymətini və istehsalın həcmini təyin edib, marketinq xərcləri, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə mühüm qərarlar qəbul edəcəklər. Qəbul edilən qərarlar komandanın uğuru, yaxud itkisi ilə nəticələnə bilər.

Tədbir komandaların və biznes nümayəndələrinin iştirakı ilə keçirilən yoldaşlıq yarışı və mükafatlandırma mərasimi ilə başa çatacaq.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarış "İqtisadiyyat və İdarəetmə üzrə Milli Yarış" "Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı" tərkibində təşkil olunur. Ümumilikdə, 2012-ci ildə keçirilən yarışda Bakı, Sumqayıt, Mingəçevir, İsmayıllı və Ağdaş rayonlarını təmsil edən 138 məktəbli və tələbə iştirak edib.

Xəbər lenti

Xəbər lenti