...

Bakıda "Karyeraya ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2012 19:00 (UTC +04:00)
Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə cümə günü "Karyeraya ilk addım" devizi altında Əmək və Sosial Münasibətlər Akademiyasında aktiv məşğulluq tədbiri keçirilib.
Bakıda "Karyeraya ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə cümə günü "Karyeraya ilk addım" devizi altında Əmək və Sosial Münasibətlər Akademiyasında aktiv məşğulluq tədbiri keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakının Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami və Səbail rayon Məşğulluq Mərkəzləri tərəfindən 37 müəssisə üzrə toplanmış 351 boş iş yeri təqdim edilib. Onlardan 2-si dövlət, 35-i qeyri-dövlət müəssisələri olub. Tədbirin əsas məqsədi məzun və tələbələri əmək bazarının mövcud vəziyyəti ilə tanış etmək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən kadrlar seçməsinə imkan yaratmaq, eyni zamanda, işaxtaran vətəndaşların layiqli iş yerləri ilə təmin olunmalarına kömək göstərməkdir.

Tədbirdə 80 nəfər işaxtaran tələbə və məzuna müxtəlif ixtisaslar üzrə göndərişlər verilib, 258 nəfər gəncin CV-ləri toplanıb, onlarla fərdi iş aparmaq üçün yerli məşğulluq orqanları tərəfindən tədbirlər müəyyənləşdirilib.

Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev bildirib ki, cari ildə ənənəvi "Əmək Yarmarka"ları ilə yanaşı, ölkənin 10-a yaxın ali təhsil müəssisəsində "Karyerada ilk addım" və "Karyera hazırlığı" devizi altında aktiv məşğulluq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdə 260-a yaxın müəssisənin iştirakı, təxminən 2800-dən çox vakant iş yerinin tələbə və məzunlara təqdim olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti