...

"Elektron təhsil" müsabiqəsində iştirak üçün 396 layihə qeydiyyata alınıb

Cəmiyyət Materials 1 May 2012 15:04 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron təhsil" respublika müsabiqəsində iştirak üçün 396 layihə qeydiyyata alınıb.
"Elektron təhsil" müsabiqəsində iştirak üçün 396 layihə qeydiyyata alınıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron təhsil" respublika müsabiqəsində iştirak üçün 396 layihə qeydiyyata alınıb.

İKT İnformasiya Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müsabiqə "Təhsildə internet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və "Microsoft Azərbaycan", "Intel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AzEduNet, "Ultra", HP, MƏDƏD təşkilatları və Nar Mobile tərəfindən dəstəklənir.

Müsabiqənin rəsmi internet səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşir.

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi rəisinin müavini Ayaz Abuşovun sözlərinə görə, 2012-ci ildə təqdim olunan layihələr digər illərlə müqayisədə daha peşəkar təsir bağışlayır. Fikir mübadiləsi aparmaq istəyənlərin sayının 4 min nəfərdən çox olması müsabiqəyə olan marağı təsdiqləyir və Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqinin davamlı olaraq genişləndiyini göstərir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən olunacaq.

"Təhsildə internet texnologiyalar" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaq.

Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edən "Ən aktiv region məktəbi" nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə üç ən aktiv məktəb seçiləcək.

İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti aparacaq. Layihələrin qəbulu mayın 15-də başa çatır.

Qeyd edək ki, müsabiqə artıq üçüncü dəfə keçirilir. 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1400-dən çox layihə iştirak edib.

Xəbər lenti

Xəbər lenti