...

Azərbaycanın Özbəkistandakı səfirliyi İkinci Dünya müharibəsi veteranları üçün tədbir keçirib

Cəmiyyət Materials 7 May 2012 18:30 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 7 may /Trend, müxbir D.Əzizov/

Azərbaycan səfirliyi Özbəkistanın Səmərqənd şəhərində faşizm üzərində qələbə və azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakına həsr edilmiş tədbir keçirib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Özbəkistandakı diplomatik nümayəndəliyindən bildiriblər.

Məlum olduğu kimi Böyük Vətən müharibəsi dövründə Özbəkistandan taleyin hökmü ilə Orta Asiyaya gələn xeyli azərbaycanlı çağırılıb. Belə ki, Səmərqənd bölgəsinin Kaynama kəndində vaxtilə traktorçu işləyən, sonradan atıcı alayın komandiri olan Bəkir Mustafayev 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bir çox orden və medallarla, o cümlədən hərbi Qırmızı Bayraq ordeni ilə mükafatlandırılan azərbaycanlı Ziba Qəniyeva snayper kimi tanınıb. Hazırda Özbəkistanda bir çox azərbaycanlı veteran yaşayır.

Tədbirdə Səmərqənd və Səmərqənd bölgəsinin 40-dan artıq azərbaycanlı veteranı, Səmərqənd hakimiyyət aparatının rəhbər müavini Jamşed Urakov başda olmaqla aparat rəhbərləri, konsul İlkin Əhmədovun başçılığı ilə Azərbaycan səfirliyinin əməkdaşları, Səmərqənd Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Qonaq və veteranlar şəhərin mərkəzi meydanlarından birində "Kədərli ana" abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edənlər müharibə qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi, habelə müharibə və əmək veteranlarına qayğı məqsədilə Özbəkistanda atılan addımlardan danışıblar.

Azərbaycan konsulu Əhmədov çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfədən bəhs edib.

Azərbaycan xalqının mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd etməsini nəzərə alaraq, konsul bu görkəmli siyasətçinin Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındakı rolunu xüsusi qeyd edib.

Qonaqları bayram süfrələrindən başqa geniş musiqi proqramı gözləyib. Veteranlara, həmçinin qiymətli hədiyyələr, tədbirin bütün iştirakçılarına isə Azərbaycan səfirliyinin köməyi ilə özbək dilinə tərcümə edilən "Heydər Əliyev" kitabları təqdim edilib.

Səfirlik qeyd edib ki, Özbəkistanda mobil rabitə şirkətlərinin birində işləyən Azərbaycan vətəndaşı Elçin Cabbarov tədbirin təşkilində böyük kömək göstərib.

Xəbər lenti

Xəbər lenti